May ayında toplanan gənc gicitkən təbiətin ən qiymətli bitkilərindən biri hesab olunur. Onun “yandırıcı” xüsusiyyətlərinə baxmayaraq, bu bitki həm qida, həm də müalicə məqsədilə geniş istifadə olunur. Mütəxəssislər bildirir ki, düzgün hazırlandıqda gicitkən həm dadlı, həm də son dərəcə faydalıdır.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, gicitkənin dərini qıcıqlandırmasının səbəbi onun üzərində yerləşən xırda “iynəciklər”dir. Bu hüceyrələrin daxilində qarışqa turşusu və histamin olur. Dəri ilə təmas zamanı bu maddələr orqanizmə daxil olaraq yanma, qaşınma və yüngül şişkinlik yaradır.

Buna baxmayaraq, gicitkən vitamin və minerallarla olduqca zəngindir. Onun tərkibində C, B və K vitaminləri, karotin, xlorofil, flavonoidlər və müxtəlif mikroelementlər mövcuddur. Bu səbəbdən gicitkən iltihab əleyhinə, immunitet gücləndirici, qan dayandırıcı və bərpaedici təsirə malikdir. Xalq təbabətində mədə, böyrək problemləri, anemiya və dəri xəstəlikləri zamanı geniş istifadə olunur.

Bitki kosmetologiyada da tətbiq edilir. Gicitkən dəmləməsi saçların möhkəmlənməsinə və tökülməsinin azalmasına kömək edir, dəri üçün hazırlanan maskalar isə iltihabı azaldır və rəngi bərabərləşdirir.

Lakin bu bitkinin bəzi hallarda zərəri də ola bilər. Xüsusilə qan laxtalanması yüksək olan şəxslər, tromboz, varikoz və öd daşı xəstəliyi olanlar gicitkəndən ehtiyatla istifadə etməlidir. Həmçinin allergik reaksiyalar riski də nəzərə alınmalıdır.

Mütəxəssislər tövsiyə edir ki, gicitkən yeməklərə əlavə olunmazdan əvvəl üzərinə qaynar su tökülərək “zərərsizləşdirilməlidir”. Ondan salatlar, şorbalar, piroq içlikləri və müxtəlif yeməklər hazırlamaq mümkündür. Ən yaxşısı isə gicitkəni bişirmənin son mərhələsində əlavə etməkdir ki, faydalı maddələr maksimum qorunsun.