Yumurta həm qidalı, həm də əlçatan məhsul kimi gündəlik rasionda mühüm yer tutur. Lakin onun nə qədər miqdarda istehlak edilməli olduğu tez-tez müzakirə mövzusuna çevrilir. Xüsusilə bayram günlərində bu sual daha da актуallaşır.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, nutrisoloq Nika Serqunina böyüklər üçün gündə 1-2 ədəd toyuq yumurtasının və ya 5-6 ədəd bildirçin yumurtasının kifayət etdiyini bildirib. Onun sözlərinə görə, həftə ərzində ümumi yumurta sayı 20-25-dən çox olmamalıdır. Aktiv fiziki yüklənmə zamanı isə bu miqdarı gündə 5-6 ədədə qədər artırmaq mümkündür.

Uşaqlar üçün isə yaşa uyğun yanaşma vacibdir. 7 aydan etibarən az miqdarda bildirçin yumurtasının sarısı verilə bilər. 1 yaşdan sonra həftədə 2-3 dəfə toyuq yumurtası, 4 yaşdan etibarən isə gündə 1-2 yumurta qəbuluna icazə verilir.

Mütəxəssis bəzi hallarda yumurta istehlakını məhdudlaşdırmağı tövsiyə edir. Bunlara irsi yüksək xolesterin, öd kisəsində daş, pankreatitin kəskin mərhələsi, allergiya və bəzi autoimmun xəstəliklər daxildir. Həmçinin bağırsaq problemləri zamanı yumurta çətin həzm oluna bilər.

Eyni zamanda qeyd olunur ki, yumurta ilə bağlı xolesterin qorxusu çox vaxt əsassızdır. Ekspert vurğulayır ki, orqanizmdə xolesterinin böyük hissəsi qida ilə deyil, qaraciyər və bağırsaqlar tərəfindən sintez olunur. Buna görə də əsas diqqət zərərli trans yağlardan uzaq durmağa yönəldilməlidir.