Qidalanma rejimində edilən bəzi səhvlər təkcə çəki artımına deyil, xüsusilə qarın nahiyəsində piy toplanmasına səbəb olur. Mütəxəssislər bildirir ki, gündəlik vərdişlərdə kiçik dəyişikliklər belə bu problemin qarşısını almaqda mühüm rol oynayır.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, nutrisoloq Nika Serqunina qarın piyinin artmasına gətirib çıxaran əsas səhvləri sadalayıb. Onun sözlərinə görə, səhər yeməyini buraxmaq gün ərzində plansız qəlyanaltılara və axşam həddindən artıq yeməyə səbəb olur. Həmçinin sərt pəhrizlər orqanizmdə “qorunma rejimi” yaradır, maddələr mübadiləsini zəiflədir və nəticədə daha çox çəki yığılmasına gətirib çıxarır.
Ekspert qeyd edir ki, fiziki aktivliyin olmaması artıq kalorilərin yandırılmamasına səbəb olur, lakin həddindən artıq məşq etmək də əks effekt verə bilər. Belə hallarda insanlar sərf etdikləri enerjini çox yeməklə kompensasiya edir. Bundan başqa, tez-tez və az-az yemək insulin səviyyəsini yüksəldərək piy yığılmasını sürətləndirə bilər.
Yalnız yağsız məhsullara üstünlük vermək də səhv hesab olunur. Çünki yağlar toxluq hissi yaradır, onların çatışmazlığı isə daha çox yeməyə səbəb olur. Şərbətli qəhvə içkiləri isə gizli şəkər və yüksək kalori mənbəyidir. Mütəxəssis valideynlərin uşaqların artıq qalan yeməklərini yeməsini də riskli vərdiş kimi qiymətləndirir.
Qeyd olunur ki, balanslı qidalanma, orta səviyyəli fiziki aktivlik və düzgün porsiya seçimi qarın piyinin azalmasında əsas rol oynayır.






