Yay mövsümünün ən sevilən meyvələrindən biri olan qarpızın düzgün seçilməsi sağlamlıq baxımından böyük əhəmiyyət daşıyır. Mütəxəssislər bildirir ki, bəzi hallarda qarpızın tərkibində olan nitratlar orqanizm üçün risk yarada bilər.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, nutrisoloq Nika Serqunina qarpız alarkən ilk növbədə onun mövsümündə olmasına diqqət yetirməyi tövsiyə edir. Onun sözlərinə görə, meyvənin xarici görünüşü və iç quruluşu keyfiyyət barədə müəyyən ipucları verə bilər.

Ekspert qeyd edir ki, qarpızın içi həddindən artıq parlaq qırmızı rəngdədirsə, bənövşəyi çalarlar və ya sarı liflər müşahidə olunursa, bu, nitratların çoxluğuna işarə edə bilər. Nitratlar orqanizmdə nitritlərə çevrilərək qanın oksigen daşıma qabiliyyətinə mənfi təsir göstərir və ürək-damar sistemi ilə immunitet üçün risk yaradır.

Bununla belə, mütəxəssis vurğulayır ki, qarpızda nitratların olub-olmadığını dəqiq müəyyən etmək yalnız laborator analizlər vasitəsilə mümkündür. Buna görə də istehlakçılara etibarlı mənbələrdən alış-veriş etmək və mövsümi məhsullara üstünlük vermək tövsiyə olunur.