Qidalanmanın yalnız fiziki sağlamlığa deyil, həm də insanın emosional vəziyyətinə təsir göstərdiyi artıq elmi olaraq sübut edilib. Alimlərin yeni araşdırması göstərir ki, bəzi məhsullar yaşdan asılı olmayaraq insanların özünü daha xoşbəxt hiss etməsinə kömək edir.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, Ural Federal University alimlərinin apardığı tədqiqat qidalarla emosional rifah arasında birbaşa əlaqə olduğunu ortaya qoyub. Araşdırmada 50–90 yaş arası 557 könüllü iştirak edib və nəticələr onların qidalanma vərdişləri ilə həyat məmnuniyyəti arasında bağlılıq olduğunu göstərib.

Məlum olub ki, tərkibində melatonin olan məhsullar — fıstıq, turş albalı, badam, yağlı balıq və süd — daha stabil emosional vəziyyətə səbəb olur. Bu qidaları müntəzəm qəbul edən insanlarda depressiya əlamətləri demək olar ki, müşahidə olunmayıb, həmçinin yaddaş və düşünmə qabiliyyətində yaxşılaşma qeydə alınıb.

Tədqiqatın müəlliflərindən biri, Olga Doroqina qeyd edib ki, bu nəticələr xüsusilə yaşlı insanlar üçün böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, melatonin yalnız yuxunu tənzimləmir, həm də ürək-damar, onkoloji və neyrodegenerativ xəstəliklərin riskini azaltmağa kömək edir.

Mütəxəssislər hesab edir ki, gündəlik rasiona bu cür məhsulların daxil edilməsi həm sağlamlığı qorumağa, həm də həyat keyfiyyətini artırmağa imkan verir.