Uzun müddət oturaq vəziyyətdə işləmək ürək-damar sistemi üçün ciddi risk yarada bilər. Həkimlər xəbərdarlıq edir ki, hərəkətsiz həyat tərzi zamanla qan dövranını zəiflədir və müxtəlif sağlamlıq problemlərinə səbəb olur.
Foodinfo.az “Çempionat” saytına istinadla xəbər verir ki, kardioloq Sergey Vasilyev oturaq iş zamanı ürəyi qorumaq üçün gün ərzində qısa fasilələr verməyi tövsiyə edib. Onun sözlərinə görə, hər saat bir neçə dəqiqə ayağa qalxmaq, gəzmək və yüngül hərəkətlər etmək qan dövranını yaxşılaşdırır və orqanizmə düşən yükü azaldır.
Mütəxəssis bildirib ki, ofisdə işləyən insanlar qonşu otağa getmək, sənədləri yerbəyer etmək və ya sadəcə qısa isinmə hərəkətləri etməklə belə sağlamlıqlarına müsbət təsir göstərə bilərlər. Bu cür kiçik aktivliklər ürək-damar problemlərinin riskini azaltmağa kömək edir.
Kardioloq səhər idmanının da faydalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, səhər saatlarında yüngül fiziki hərəkətlər ürək və damarların fəaliyyətini aktivləşdirir, qan dövranını yaxşılaşdırır və insanı gün ərzində daha enerjili saxlayır.






