Gecə yarısı qəfil oyanmaq bir çox insan üçün tanış problemdir və bu hal yuxu keyfiyyətinə ciddi təsir edir. Foodinfo.az Life.ru saytına istinadla xəbər verir ki, amerikalı yuxu mütəxəssisi Cordan Börns gecə saat üç radələrində oyananlar üçün tez yenidən yuxuya getməyin sadə yollarını açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, ilk üsul düşüncənin yönünü dəyişməkdir. Bu zaman insan narahat fikirlərdən uzaqlaşmaq üçün sadə və əlaqəsiz anlayışları təsəvvür etməlidir. Məsələn, hərflərdən ibarət bir söz seçib, həmin hərflərlə başlayan müxtəlif əşyaları xəyalında canlandırmaq tövsiyə olunur. Təsəvvür edilən obrazlar nə qədər sadə və məntiqsiz olsa, beyin bir o qədər tez sakitləşir və yuxuya qayıdış asanlaşır.

İkinci üsul isə sakit və dərin nəfəs almaqdır. Bunun üçün mürəkkəb qaydalara ehtiyac yoxdur. Sadəcə olaraq nəfəsi yavaş-yavaş alıb vermək sinir sistemini sakitləşdirir və orqanizmi yenidən yuxu rejiminə hazırlayır. Bu üsul xüsusilə gərgin gün keçirən insanlar üçün daha təsirli hesab olunur.

Mütəxəssis vurğulayır ki, gecə oyanarkən saata baxmaq qətiyyən məsləhət deyil. Saatı görən kimi insan beynində oyanıqlıq artır, vaxtı hesablamağa başlayır və bu da yuxuya qayıtmağı çətinləşdirir. Nəticədə, sadə bir oyanma uzunmüddətli yuxusuzluğa çevrilə bilər.

Qeyd olunur ki, bu cür hallarda ən vacib məqam panikaya düşməmək və bədəni rahat vəziyyətdə saxlamaqdır. Sakit düşüncə və düzgün nəfəs texnikası yuxu keyfiyyətini bərpa etməyə kömək edir və gecə oyanmalarının təsirini minimuma endirir.