Yaz aylarında təbiətin bəxş etdiyi ən faydalı bitkilərdən biri olan gicitkən mətbəxdə də öz yerini tapır. Bu bitkidən hazırlanan şorba həm ləzzətli, həm də orqanizm üçün olduqca xeyirlidir. Xüsusilə may ayında toplanan gənc yarpaqlar yeməyə xüsusi ətir və dad verir.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, gicitkən şorbası üçün ən yaxşı nəticəni təzə və zərif yarpaqlardan istifadə etməklə əldə etmək mümkündür. Bitkini şəhərdən uzaq, təmiz ərazilərdən toplamaq tövsiyə olunur. Nə qədər təzə olarsa, şorbanın dadı da bir o qədər zəngin olar.
Bu şorbanı hazırlamaq üçün yumurta, soğan, kartof, əridilmiş yağ, bulyon və ya su, təzə gicitkən və aysberq kahısı istifadə olunur. Əvvəlcə yumurtalar yarıbişmiş halda hazırlanır. Daha sonra xırda doğranmış soğan yağda qızardılır, üzərinə kartof əlavə edilərək bir neçə dəqiqə bişirilir. Ardınca bulyon əlavə olunaraq qaynadılır və kartof yumşalana qədər bişirilir.
Son mərhələdə yaxşı yuyulmuş və doğranmış gicitkən şorbaya əlavə edilərək qısa müddət bişirilir. Qarışıq blenderdən keçirilərək püre halına salınır. Üzərinə xırdalanmış aysberq kahısı əlavə edilərək bir neçə dəqiqə dəmlənir. Süfrəyə verilərkən hər porsiyaya yarıbişmiş yumurta əlavə olunur.
Mütəxəssislər bildirir ki, bu yeməyi xama ilə birlikdə təqdim etmək dadını daha da zənginləşdirir. Aysberq kahısını isə incə doğranmış gənc kələm ilə əvəz etmək mümkündür.






