Sağlam qidalanmaya keçməsinə baxmayaraq arıqlaya bilməyənlərin sayı az deyil və bunun səbəbi bir sıra gizli səhvlərlə bağlıdır. Foodinfo.az Life.ru saytına istinadla xəbər verir ki, bu barədə dietoloq Maksim Lisovski danışıb.
Mütəxəssisin sözlərinə görə, ən yayılmış yanlış fikir “faydalı qida = az kalorili qida” düşüncəsidir. Halbuki hətta sağlam qidalarla belə artıq kalori qəbul etmək mümkündür. Digər tərəfdən, gündəlik rasionu həddindən artıq azaltmaq (1200 kaloridən aşağı) maddələr mübadiləsinin yavaşlamasına səbəb olur və bədən enerjiyə qənaət rejiminə keçir.
Ekspert qeyd edir ki, insanlar tez-tez sousları, qoz-fındığı, smuziləri və şirələri hesaba qatmır. “Sağlam” sayılan bal, xurma və müxtəlif şərbətlər də sürətli karbohidrat mənbəyidir və qanda şəkərin kəskin artmasına səbəb olur. Yağsız məhsullar isə tez-tez əlavə şəkər ehtiva edir və doyumluluq hissini azaldır. Hətta tam taxıllı məhsullar belə həddindən artıq qəbul edildikdə çəki artımına gətirib çıxara bilər.
Bundan əlavə, alkoqol orqanizm tərəfindən toksin kimi qəbul olunur və onun emalı zamanı yağ yandırılması prosesi zəifləyir. Digər mühüm məqam isə yalnız az yeməyin kifayət etməməsidir – fiziki aktivlik olmadan çəki vermək çətinləşir. Mütəxəssis vurğulayır ki, gündə 10 min addım sağlamlıq üçün faydalı olsa da, arıqlamaq üçün güc məşqləri də vacibdir.






