Son illər fərqli formalı makaron növləri arasında orzo və ptitim xüsusi populyarlıq qazanıb. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, bu məhsullar xarici görnüşcə dənli bitkiləri xatırlatsa da, əslində bərk buğdadan hazırlanan makaron növləridir və orqanizm üçün faydalı qida mənbəyi hesab olunur.

Məlumata görə, orzo İtaliyada yaranıb və görünüşcə arpa və ya iri düyünü xatırladır, bişdikdə isə yumşaq tekstura və yüngül qoz dadı ilə seçilir. Ptitim isə İsraildə düyü qıtlığı dövründə yaradılıb və xırda kürəciklər formasında olur. Onun fərqli xüsusiyyəti əvvəlcədən qovrulmasıdır ki, bu da ona xırtıldayan quruluş və xüsusi dad verir. Hər iki məhsul əsasən mürəkkəb karbohidratlarla zəngindir və enerji təminatında mühüm rol oynayır.

Mütəxəssislər bildirir ki, orzo və ptitim tərkibində dəmir, selen və manqan kimi vacib mikroelementlər saxlayır. Bu maddələr qanın oksigen daşıma qabiliyyətini artırır, immun sistemini gücləndirir və maddələr mübadiləsini dəstəkləyir. Lakin bəzi istehsalçılar bu məhsulları emal olunmuş undan hazırlayır ki, bu da lif miqdarını azaldır və toxluq hissini qısa müddətli edir. Bu səbəbdən tam taxıllı variantlara üstünlük verilməsi daha məqsədəuyğun sayılır.

Orzonun hazırlanması üçün qaynar duzlu suya əlavə edilərək təxminən 8–10 dəqiqə bişirilməsi kifayətdir. Bişdikdən sonra suyu süzülür və prosesin dayanması üçün soyuq sudan keçirilir. Ptitim isə klassik üsulla əvvəlcə quru tavada bir qədər qovrulur, sonra qaynar suda 10–12 dəqiqə bişirilir. Bu üsul onun dadını daha da zənginləşdirir.

Dietoloqların fikrincə, gündəlik qidalanmada karbohidratlar ümumi kalorinin 45–65 faizini təşkil etməlidir və bu norma bir neçə porsiyaya bölünərək qəbul olunmalıdır. Bununla yanaşı, yalnız makaron məhsulları ilə qidalanmaq düzgün deyil – balanslı rasion üçün digər qida qrupları da vacibdir. Orzo və ptitim düzgün seçilib, ölçülü istifadə edildikdə həm doyurucu, həm də sağlam seçim kimi gündəlik menyuda yer ala bilər.