Ənənəvi olaraq pomidorla hazırlanan qaspaço şorbasının daha yüngül və təravətli alternativi də var. Xiyar əsasında hazırlanan bu yaşıl variant isti havalarda həm sərinləşdirici, həm də qidalandırıcı seçim kimi diqqət çəkir.

Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, xiyar qaspacho sadə inqrediyentlərlə hazırlanmasına baxmayaraq, zəngin dad palitrasına malikdir. Bu şorba vitamin və minerallarla zəngin tərəvəzlərin birləşməsi sayəsində həm həzm üçün faydalıdır, həm də orqanizmi susuzlaşmadan qorumağa kömək edir.

Tərkibi:

  • 5 ədəd şirin yaşıl bibər
  • 1 ədəd bolqar bibəri
  • 70 ml zeytun yağı
  • 400 qram xiyar
  • 3 diş sarımsaq
  • 1 çay qaşığı dəniz duzu
  • 15 qram yaşıl soğan
  • 15 qram cəfəri
  • 100 qram buğda çörəyi
  • 20 ml süfrə sirkəsi

Hazırlanması:

İlk olaraq yaşıl bibərlər yuyulur, toxumları və iç hissəsi təmizlənir, iki hissəyə bölünür. Daha sonra qabıq hissəsi yuxarı olmaqla soba listinə düzülür, üzərinə az miqdarda zeytun yağı əlavə edilir və əvvəlcədən 200°C-yə qədər qızdırılmış sobada təxminən 15 dəqiqə bişirilir.

Bişdikdən sonra bibərlər çıxarılır və soyuduqdan sonra qabığı diqqətlə təmizlənir. Ardınca xiyar blenderdə püre halına gətirilir. Üzərinə çörəyin içi, bişmiş bibərlər, sarımsaq, yaşıl soğan, cəfəri, zeytun yağı və duz əlavə edilərək yenidən qarışdırılır.

Son mərhələdə dadına uyğun olaraq sirkə əlavə olunur, istəyə görə limon suyu və əlavə duz qatmaq mümkündür. Əgər şorba çox qatı olarsa, bir qədər qaynadılmış su ilə durulaşdırıla bilər. Süfrəyə verərkən üzəri xırda doğranmış bolqar bibəri ilə bəzədilir.

Bu sadə resept həm sağlam qidalanmaq istəyənlər, həm də isti günlərdə yüngül yemək axtaranlar üçün ideal seçim hesab olunur.