Səhərlər həm doyumlu, həm də tez hazırlanan yemək axtaranlar üçün banan və xurmalı smuzi yaxşı seçim hesab olunur. Bu içki sıyıq və sendviçə alternativ ola bilər, uzun müddət toxluq hissi yaratdığı üçün günorta yeməyinə qədər aclığı azaltmağa kömək edir.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, smuzinin əsas üstünlüyü banan və xurmanın tərkibində olan faydalı karbohidratlarla bağlıdır. Bu meyvələr orqanizmə qısa müddətdə enerji verir. Təbii şirinlik isə içkinin dadını daha xoş edir və yoqurtun turşməzə dadı ilə balanslaşır.

Mütəxəssislər bildirirlər ki, banan və xurma lif mənbəyi hesab olunur. Təbii yoqurt isə fermentləşdirilmiş məhsul olduğu üçün həzmi dəstəkləyir və bağırsaq mikroflorasına müsbət təsir göstərir. İçkinin hazırlanmasının cəmi bir neçə dəqiqə çəkməsi də onun üstünlüklərindən sayılır.

Resept üçün 1 ədəd banan, 4 xurma, 250 millilitr içməli təbii yoqurt, yarım çay qaşığı darçın, bir budaq nanə və zövqə görə buz istifadə olunur. Hazırlanması zamanı banan doğranaraq blenderə əlavə edilir. Çəyirdəyi çıxarılan xurmalar, yoqurt və darçın da qarışığa qatılır. Daha sonra nanə yarpaqları və buz əlavə edilərək hamısı birlikdə blenderdən keçirilir. Hazır smuzi stəkanlara tökülərək dərhal süfrəyə verilir.

Nuş olsun!