May ayında mövsümi meyvə və tərəvəzlərin istehlak edilməsinin həm sağlamlıq, həm də qidaların təbii vitamin dəyərindən faydalanmaq baxımından daha faydalı olduğu bildirilir.
Foodinfo.az xəbər verir ki, yaz fəslinin son ayı olan mayda bazarlarda müxtəlif təzə və vitaminlə zəngin məhsullar bolluq təşkil edir.
May ayında ən çox istehlak olunan meyvələr arasında çiyələk, alça, ərik və yeni mövsüm gilası yer alır. Bu meyvələrin antioksidantlar, C vitamini və lif baxımından zəngin olduğu qeyd edilir.
Çiyələk immun sistemini gücləndirməyə, alça isə həzmi dəstəkləməyə kömək edir.
Tərəvəzlər sırasında isə xiyar, pomidor, kahı, göyərti, ispanaq, yaşıl soğan və turp xüsusilə seçilir. Bu məhsulların orqanizmi vitamin və minerallarla təmin etdiyi vurğulanır.
Dietoloqlar yaz aylarında daha çox göyərti və təzə tərəvəz istifadəsinin bədənin qışdan sonra vitamin ehtiyacını qarşılamağa kömək etdiyini bildirirlər.
Mövsümi məhsulların həm daha təbii, həm də daha dadlı olduğu qeyd edilir və gündəlik rasionda müxtəlif meyvə-tərəvəzlərə yer vermək tövsiyə edilir.






