Uzun istirahət günlərində pəhriz rejimini qorumaq bir çox insan üçün çətin olur. Mütəxəssislər isə əvvəlcədən düzgün planlama ilə bunun mümkün olduğunu bildirirlər.
Foodinfo.az “Чемпионат” nəşrinə istinadla xəbər verir ki, həkim-qastroenteroloq Yevgeni Belousov pəhrizdən yayınmamaq üçün əsas qaydaları açıqlayıb. Onun sözlərinə görə, ən vacib məqam ac halda süfrəyə oturmamaqdır, çünki bu halda artıq yemək riski artır.
Mütəxəssis tövsiyə edir ki, yüngül qəlyanaltı – məsələn, kefir və ya xiyar – iştahanı tənzimləməyə kömək edir. Əsas yemək olaraq isə hinduşka, balıq və ya az yağlı mal ətindən hazırlanmış yeməklər seçilməlidir.
Həkimin sözlərinə görə, boşqabın yarısını tərəvəzlər təşkil etməlidir. Tərəvəzlər həzmi yaxşılaşdırır və toxluq hissini artırır. Bundan əlavə, kiçik boşqab istifadə etmək porsiyanın daha yaxşı idarə olunmasına kömək edir.
Mütəxəssis həmçinin spirtli içkilərin məhdudlaşdırılmasını tövsiyə edir. Onun sözlərinə görə, alkoqol iştahanı artırır və orqanizmdə artıq kalori yığılmasına səbəb olur.
Həkim bildirir ki, gün ərzində 1,5–2 litr su içmək və aktiv həyat tərzi – gəzinti, idman və açıq hava fəaliyyəti – artıq kalorilərin yandırılmasına kömək edir. Ən vacibi isə, pəhriz pozulduqda özünü günahlandırmadan normal qidalanma rejiminə qayıtmaqdır.






