Çipsi adətən zərərli qəlyanaltı kimi qəbul olunsa da, bəzi hallarda onun istifadəsi müəyyən qədər əsaslandırıla bilər. Mütəxəssislər bildirirlər ki, əsas məsələ miqdar və vəziyyətdir.
Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, dietoloq Natalya Mizinova çipsinin yalnız iki xüsusi halda faydalı ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, birinci hal təcili enerji ehtiyacı yarandığı vəziyyətlərdir.
Mütəxəssis bildirib ki, məsələn, çətin yürüş və ya təbiətdə uzun müddət qida tapmaq mümkün olmayan hallarda çipsi sürətli kalori mənbəyi kimi istifadə oluna bilər. Bu zaman qablaşdırmanın rahat daşınması da üstünlük sayılır.
İkinci hal isə emosional ehtiyacla bağlıdır. Həkimin sözlərinə görə, insan bəzən az miqdarda sevdiyi qidanı qəbul etməklə psixoloji rahatlıq əldə edə bilər, lakin bu vərdiş daimi olmamalıdır.
Dietoloq xəbərdarlıq edir ki, çipsi mütəmadi istifadə edildikdə artıq çəkiyə və mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Tərkibindəki trans yağlar və əlavə maddələr sağlamlıq üçün risk yaradır.
Mütəxəssis vurğulayır ki, çipsi yalnız nadir hallarda və çox az miqdarda qəbul edildikdə müəyyən qədər qəbul edilə bilər, lakin gündəlik qidalanmada yer almamalıdır.






