Səhər yeməyində həm yüngül, həm də qidalı seçim axtaranlar üçün kəsmikli krem ideal variant hesab olunur. Hazırlanması cəmi bir neçə dəqiqə çəkən bu resept həm böyüklərin, həm də uşaqların zövqünü oxşayır. Tərkibində konservant və əlavə qatqılar olmadığı üçün təbii səhər yeməyi kimi də seçilir.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, bu krem üçün 400 qram 9 faiz yağlı kəsmik, 4 xörək qaşığı 20–25 faiz yağlı xama və 3 xörək qaşığı qatılaşdırılmış süd istifadə olunur. Əlavə olaraq mövsümi meyvə və giləmeyvələr – çiyələk, qaragilə və armud tövsiyə edilir. Servis zamanı limon suyu və az miqdarda şəkər kirşanı əlavə etmək olar.
Hazırlanması üçün əvvəlcə kəsmik və xama blender vasitəsilə tam hamar kütlə alınana qədər çalınır. Daha sonra qatılaşdırılmış süd əlavə edilərək qarışdırılmağa davam edilir. Hazır krem kasalara bölünür. Meyvə və iri giləmeyvələr doğranıb limon suyu ilə isladılır, üzərinə bir qədər şəkər kirşanı səpilir və krem üzərinə əlavə edilərək süfrəyə təqdim olunur.
Nuş olsun!






