Yaz və yay səhərləri üçün yüngül və təravətli səhər yeməyi axtaranlara yoqurtlu və çiyələkli desert tövsiyə olunur. Bu resept həm səhər yeməyi, həm də yüngül desert kimi istifadə edilə bilər. Qarışımı bir neçə saat dondurucuda saxlamaqla ev şəraitində təbii dondurma hazırlamaq da mümkündür.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, resept üçün 200 qram çiyələk, 2 banan, 1 portağal, 250 qram təbii yoqurt, 250 qram maskarpone pendiri, 120 qram şəkər kirşanı və 100 qram peçenye lazımdır.

Hazırlanması üçün əvvəlcə maskarpone, yoqurtun yarısı və şəkər kirşanı mikserlə təxminən 2 dəqiqə çalınır. Qalan yoqurt bananla birlikdə blenderdən keçirilərək püre halına salınır və əvvəlki qarışığa əlavə edilir. Portağalın qabığı təmizlənir, dilimləri pərdələrdən ayrılır. Çiyələk iri hissələrə doğranır, bir neçə giləmeyvə isə bəzək üçün saxlanılır. Peçenye iri qırıntı halına gətirilir.

Daha sonra kasaya və ya şüşə qabın içinə növbə ilə krem, peçenye və portağal dilimləri düzülür. Üzərinə yenidən krem, peçenye və çiyələk əlavə olunur. Sonda bir qədər krem çəkilir, bütöv çiyələklə bəzədilir və təxminən 30 dəqiqə soyuducuda saxlanıldıqdan sonra süfrəyə verilir.

Nuş olsun!