Mütəxəssislər bildirirlər ki, sağlam həyat tərzi yalnız bədəni deyil, beyni də gənc saxlamağa kömək edir. Aparılan araşdırmalar göstərir ki, düzgün vərdişlər beynin fəaliyyətini yaxşılaşdıraraq yaşlanma prosesini əhəmiyyətli dərəcədə zəiflədə bilər.

Foodinfo.az “Çempionat” saytına istinadla xəbər verir ki, Con Hopkins Universitetinin institut professoru, nevroloq Macid Fotuhi beynin özünü bərpa etmək və yeni neyron əlaqələri yaratmaq qabiliyyətinə malik olduğunu bildirib. Onun sözlərinə görə, demensiya hallarının yarıdan çoxunun qarşısını almaq mümkündür.

Mütəxəssis qeyd edib ki, beynin qocalmasını təkcə ləngitmək deyil, müəyyən dərəcədə geri çevirmək də mümkündür. Bunun üçün əsas şərt sağlam həyat tərzinə əməl etməkdir. Professor beyin sağlamlığı üçün beş vacib amili sadalayıb: müntəzəm fiziki fəaliyyət, yaddaşı və düşüncəni işlədən zehni məşqlər, keyfiyyətli yuxu, balanslı qidalanma və stressin azaldılması.

Nevroloqun sözlərinə görə, bu vərdişlərə davamlı əməl edən insanlarda bir neçə ay ərzində diqqət, yaddaş və düşünmə qabiliyyətində müsbət dəyişikliklər müşahidə oluna bilər. Eyni zamanda, beyin yaşlanma və müxtəlif xəstəliklərə qarşı daha davamlı olur.