Bir çox insan az yeməsinə baxmayaraq çəki artımının səbəbini anlaya bilmir. Mütəxəssislər isə bildirirlər ki, problem əsas yeməklərdə deyil, gün ərzində fərqinə varmadan qəbul edilən əlavə kalorilərdə gizlənir.

Foodinfo.az URA.RU saytına istinadla xəbər verir ki, endokrinoloq və dietoloq Lidiya Bindyukovanın sözlərinə görə, gizli kalorilər əsasən souslar, şirin qəhvə, içkilər və xırda qəlyanaltılar vasitəsilə qəbul olunur. Həkim qeyd edib ki, insanlar çox zaman uşağın yarımçıq qalan sendviçini yeməyi və ya yemək hazırlayarkən tez-tez dadına baxmağı qida qəbulu kimi hesab etmirlər.

Mütəxəssis əlavə edib ki, maye kalorilər də ciddi risk yaradır. Şirin qəhvə, şirələr, smuzilər, içməli yoqurtlar və limonadlar gündəlik rasiona yüzlərlə əlavə kalori daxil edə bilər. Alkoqollu içkilər də artıq çəkiyə səbəb olan əsas amillərdən biri sayılır.

Həkimin fikrincə, yaş artdıqca bədəndə dəyişikliklərin olması normaldır və çəkinin tam sabit qalması hər zaman mümkün olmur. Buna görə də ən doğru yanaşma çəki dinamikasını izləmək və vaxtaşırı bel ölçüsünü yoxlamaqdır. Mütəxəssislər kişilərdə bel çevrəsinin 94 santimetrdən, qadınlarda isə 80 santimetrdən çox olmasını riskli hesab edirlər.