Böyük Britaniyanın paytaxtı Londonda dünyanın ən uzun tiramisu deserti hazırlanaraq yeni rekord qeydə alınıb. Nəhəng şirniyyatın uzunluğu 440,6 metr olub və nəticə rəsmi olaraq Ginnesin Rekordlar Kitabına daxil edilib.

Foodinfo.az BBC-yə istinadla xəbər verir ki, rekordun hazırlanmasında 100 nəfərlik italyan aşpaz heyəti iştirak edib. İki gün davam edən proses zamanı 19 min yumurta, 2,2 ton maskarpone pendiri və 128 min ədəd savoyardi peçenyesindən istifadə olunub.

Qaydalara əsasən, desert birbaşa tədbirin keçirildiyi ərazidə hazırlanıb. Nəhəng tiramisu Böyük Britaniya kral ailəsinə ithaf olunaraq qızılı tac fiquru ilə bəzədilib.

Layihənin təşkilatçısı olan italyan şirniyyat ustası Mirko Riççi daha əvvəl də oxşar rekorda sahib olub. O, 2017-ci ildə İtaliyada ən uzun tiramisunu hazırlasa da, 2019-cu ildə Milan aşpazları onun nəticəsini geridə qoymuşdu. Yeni rekordla Riççi yenidən dünya birinciliyini geri qaytarıb.

Şirniyyat ustasının sözlərinə görə, bu layihə İtaliya kulinariya sənətinin ən əlamətdar nailiyyətlərindən biri hesab olunur.