Əllərin tez-tez soyuq olması bəzən sadəcə orqanizmin xüsusiyyəti kimi qəbul edilsə də, mütəxəssislər bunun müəyyən xəstəliklərin əlaməti ola biləcəyini bildirirlər. Xüsusilə davamlı şəkildə müşahidə olunan bu hal diqqətdən kənarda qalmamalıdır.
Foodinfo.az aif.ru saytına istinadla xəbər verir ki, kardioloq, tibb elmləri namizədi Yeqor Novikov soyuq əllərə səbəb olan bir sıra sağlamlıq problemlərini sadalayıb. Onun sözlərinə görə, ən geniş yayılmış səbəblərdən biri damar tonusunun pozulmasıdır. Bu zaman dəridə “mərmərvari” görünüş və ovuclarda tərləmə müşahidə oluna bilər.
Mütəxəssis bildirib ki, dəmir çatışmazlığı anemiyası da toxumaların kifayət qədər qidalanmamasına səbəb olaraq əllərin soyumasına gətirib çıxarır. Bundan başqa, qalxanabənzər vəz hormonlarının azlığı ilə xarakterizə olunan hipotireoz zamanı maddələr mübadiləsi zəifləyir və insan hətta isti havada belə üşüyə bilər.
Kardioloq Reyno xəstəliyinin də bu simptomla özünü göstərə bildiyini vurğulayıb. Bu xəstəlik zamanı stress və ya soyuğun təsiri ilə barmaq damarlarında güclü spazm yaranır, nəticədə əllər ağarır, göyərir və keyimə ilə ağrı meydana çıxır. Aşağı təzyiq, eləcə də nikotin və kofein istifadəsi də damar spazmını artıraraq əllərin soyuq qalmasına səbəb ola bilər.
Həkim qeyd edib ki, bəzi hallarda soyuq əllər xəstəlik hesab olunmur. Arıq insanlarda, iki yaşadək uşaqlarda, həmçinin hamiləlik və menopauza dövründə hormonal dəyişikliklər səbəbindən bu hal normal sayılır.






