Son illərdə təbii qidalar və ev üsullarına maraq artdıqca bal və sirkə qarışığı da diqqət çəkən mövzular arasında yer alır. Düzgün və ölçülü istifadə olunduqda bu qarışıq orqanizm üçün müəyyən faydalar verir.

Foodinfo.az xəbər verir ki, bal təbii antioksidantlarla zəngin məhsul hesab olunur. O, boğazı yumşaltmağa, enerji verməyə və immun sistemini dəstəkləməyə kömək edir. Sirkə, xüsusilə alma sirkəsi isə həzm sisteminə təsiri ilə tanınır.

Bal və sirkənin birlikdə istifadəsi həzmi dəstəkləyir, toxluq hissini artırmağa kömək edir və bəzi insanlarda halsızlıq hissini azaldır. Bundan əlavə, bu qarışığın bədəndə oksidləşdirici stressin azalmasına dəstək ola biləcəyi qeyd olunur.

Bəzi insanlar səhərlər ilıq suya az miqdarda bal və sirkə əlavə edərək istifadə edirlər. Lakin mütəxəssislər bildirirlər ki, sirkənin həddindən artıq istifadəsi mədə həssaslığı, diş minasının zəifləməsi və digər problemlər yarada bilər.

Həkimlər xüsusilə mədə xəstəlikləri, şəkərli diabet və ya xroniki problemi olan şəxslərin bu cür qarışıqları müntəzəm istifadə etməzdən əvvəl mütəxəssislə məsləhətləşməsini tövsiyə edirlər.