May bayramlarından sonra bir çox insan sürətli arıqlamaq üçün sərt pəhrizlərə müraciət edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu cür kəskin qida məhdudiyyətləri orqanizmə əlavə stress yarada və sonradan daha çox qida qəbuluna səbəb ola bilər.

Foodinfo.az Regions.ru saytına istinadla xəbər verir ki, rusiyalı dietoloq Olqa Romaşina bayram günlərində qəbul edilən duzlu qidalar, souslar və spirtli içkilərdən sonra tərəzidə görünən çəki artımının əsasən yağ deyil, ödemlə bağlı olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, qısa müddətdə ciddi pəhriz saxlamaq əvəzinə, orqanizmi tədricən əvvəlki rejimə qaytarmaq daha faydalıdır. O qeyd edib ki, duzlu qidalardan və yüksək kalorili içkilərdən uzaq durmaq, kifayət qədər su içmək, hər qida qəbulunda zülala üstünlük vermək və tərəvəz istehlakını artırmaq bədənin bərpasına kömək edir.

Dietoloq əlavə edib ki, gündəlik gəzintilər və yüngül fiziki aktivlik də bayram sonrası yaranan ağırlıq hissinin azalmasına müsbət təsir göstərir. Onun fikrincə, düzgün və balanslı qidalanma ilə üç-beş gün ərzində bədəni yenidən formaya qaytarmaq mümkündür.