Son illər alimlər plastik qablaşdırmaların insan sağlamlığına təsiri ilə bağlı daha çox araşdırma aparırlar. Xüsusilə plastik butulkalarda saxlanılan suların təhlükəsizliyi müzakirə mövzusuna çevrilib. Mütəxəssislər bildirirlər ki, bəzi hallarda bu qablar insan orqanizmi üçün zərərli maddələr buraxa bilər.
Foodinfo.az “The Guardian” nəşrinə istinadla xəbər verir ki, ekoloji sağlamlıq üzrə mütəxəssis Martin Cooper plastik qabların isti mühitdə saxlanılmasının risk yaratdığını açıqlayıb. Onun sözlərinə görə, yüksək temperatur zamanı plastikdən mikrohissəciklər ayrılaraq suya qarışa bilər.
Ekspert qeyd edib ki, mikroplastiklərin uzun müddət orqanizmə daxil olması hormonal dəyişikliklərə və maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər. Xüsusilə avtomobildə və ya günəş altında saxlanılan plastik butulkaların daha təhlükəli olduğu vurğulanır.
Araşdırmalarda göstərilir ki, şüşə və paslanmayan metal qablar suyun saxlanılması üçün daha təhlükəsiz seçim hesab edilir. Həkimlər plastik butulkalardan təkrar-təkrar istifadə etməməyi və isti mühitdə saxlanılan sulardan uzaq durmağı tövsiyə edirlər.






