Bir çox insan səhərlər vaxt itirməmək üçün hər gün eyni qidaları qəbul etməyə üstünlük verir. Ən çox rast gəlinən seçimlər arasında yumurta, sendviç və ya yulaf sıyığı yer alır. Dietoloqlar bildirirlər ki, bu vərdiş bəzi hallarda rahat olsa da, uzun müddətdə orqanizmdə müəyyən problemlər yarada bilər.

Foodinfo.az “Health Digest” portalına istinadla xəbər verir ki, dietoloq Erika Nelson eyni qidaların davamlı istifadəsinin vitamin və mineral balansına təsir etdiyini bildirib. Onun sözlərinə görə, insan orqanizmi müxtəlif qidalardan fərqli qida maddələri aldığı üçün menyunun monoton olması bəzi elementlərin çatışmazlığına səbəb ola bilər.

Ekspert qeyd edib ki, xüsusilə tərəvəz və meyvələrin az istifadə edilməsi immun sistemini zəiflədə bilər. Bundan əlavə, daim eyni qidaları qəbul edən insanlarda müəyyən müddətdən sonra iştaha azalması və həzm problemləri də müşahidə olunur.

Araşdırmalar göstərir ki, müxtəlif səhər yeməkləri qəbul edən insanlarda enerji səviyyəsi daha stabil olur. Mütəxəssislər həftəlik menyuda yumurta, süd məhsulları, meyvə, tam taxıl və göyərtinin növbəli şəkildə istifadəsini məsləhət görürlər. Onların fikrincə, balanslı səhər yeməyi həm zehni fəaliyyəti artırır, həm də gün ərzində həddindən artıq qida qəbulunun qarşısını alır.