Kiçik ölçüsünə baxmayaraq zoğal insan orqanizmi üçün olduqca faydalı giləmeyvələrdən biri hesab olunur. Tərkibində olan vitamin və minerallar sayəsində bu meyvə həm immunitetin güclənməsinə, həm də bir sıra xəstəliklərin riskinin azalmasına kömək edir. Zoğal daha çox şirə, mors, smuzi və müxtəlif sousların hazırlanmasında istifadə olunur.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, zoğalın tərkibinin böyük hissəsi sudan ibarətdir. Bununla yanaşı, giləmeyvədə C vitamini, A, E və K vitaminləri, həmçinin B qrupu vitaminləri mövcuddur. Zoğalın tərkibində kalsium, maqnezium, kalium, dəmir və sink kimi minerallar da yer alır. Mütəxəssislər bildirirlər ki, xüsusilə yaz mövsümündə toplanan zoğal daha zəngin qida dəyərinə malik olur.
Qidalanma üzrə xarici mütəxəssislərin sözlərinə görə, zoğalda olan polifenollar ürək-damar sisteminin qorunmasına kömək edir. Araşdırmalar göstərir ki, bu maddələr “yaxşı xolesterin”in səviyyəsini artırmağa və ürək xəstəlikləri riskini azaltmağa kömək edə bilər.
Alimlər həmçinin zoğalın yaddaşa müsbət təsir etdiyini qeyd edirlər. Böyük Britaniyanın Şərqi İngiltərə Universitetində aparılan araşdırmada müəyyən olunub ki, zoğalın müntəzəm qəbulu xüsusilə orta və yaşlı insanlarda yaddaşı və diqqəti gücləndirə bilər.
Zoğal sidik yolları infeksiyalarına qarşı qoruyucu təsiri ilə də tanınır. Tərkibindəki proantosianidin maddələri bakteriyaların sidik yollarında çoxalmasının qarşısını almağa yardım edir. Bununla belə, həkimlər qeyd edirlər ki, infeksiya zamanı yalnız zoğaldan istifadə kifayət deyil və mütləq tibbi müalicə tətbiq olunmalıdır.
Mütəxəssislər zoğalın diş və diş əti sağlamlığı üçün də faydalı olduğunu bildirirlər. Araşdırmalara əsasən, giləmeyvədəki maddələr bakteriyaların diş səthinə yapışmasını çətinləşdirərək kariyes riskini azalda bilər.
Həkimlər zoğalın normada qəbul edilməsini tövsiyə edirlər. Həddindən artıq istifadə həzm problemlərinə səbəb ola bilər. Bundan başqa, böyrək daşı yaranmasına meyilli şəxslərin zoğaldan ehtiyatla istifadə etməsi məsləhət görülür.






