ABŞ-də alimlər kulinariya sahəsində maraqlı yeniliyə imza atıblar. Hazırlanan yeni məhsul yeməklərin dağılmasının qarşısını almaq üçün nəzərdə tutulub və tamamilə yeyilə bilir.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, Johns Hopkins University tələbələri tərəfindən hazırlanan “Tastee Tape” adlı xüsusi yapışqan lent burrito, şaurma və digər bükülmüş yeməklərin formasını qorumağa kömək edir. İxtira xüsusilə yemək zamanı dağılan rulon və lavaş problemlərini aradan qaldırmaq məqsədilə hazırlanıb.

Məlumata görə, yeni lent qida liflərindən ibarət xüsusi karkas və üzvi yapışqan qatından hazırlanır. Bu quruluş yeməyin həm hazırlanması, həm də yeyilməsi zamanı içliyin dağılmasının qarşısını alır. Tələbələr bildirirlər ki, məhsul tako, giros və müxtəlif lavaş növlərində də istifadə oluna bilər.

Layihə müəllifləri hazırda patent üçün müraciət etdiklərindən məhsulun tam tərkibini açıqlamırlar. Bununla belə, onlar lentin yalnız qida üçün təhlükəsiz komponentlərdən və qida əlavələrindən hazırlandığını vurğulayırlar.

“Tastee Tape” əvvəlcədən kəsilmiş kiçik zolaqlar şəklində təqdim olunur. İstifadə zamanı lentin yapışqan xüsusiyyət qazanması üçün onu az miqdarda su ilə islatmaq kifayət edir.

Xarici mütəxəssislər hesab edirlər ki, bu yenilik gələcəkdə qida sənayesində geniş tətbiq oluna bilər. Bildirilir ki, məhsul yalnız burrito və şaurma üçün deyil, eyni zamanda tortların birləşdirilməsi və mətbəxdə yaranan digər kulinariya problemlərinin həlli üçün də faydalı ola bilər.