Yay mövsümündə ən çox sevilən qidalardan biri də qarğıdalıdır. Həm uşaqlar, həm də böyüklər tərəfindən sevilən bu məhsul düzgün bişirildikdə daha yumşaq, şirin və ləzzətli olur.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, qarğıdalı bişirərkən ilk növbədə düzgün seçim etmək vacibdir. Mütəxəssislər açıq sarı rəngli və yumşaq dənələrə malik gənc qarğıdalılara üstünlük verilməsini tövsiyə edirlər. Tünd sarı rəngli qarğıdalılar isə adətən daha sərt olur və uzun müddət bişirilməlidir.

Qarğıdalının tərkibində lif, asan həzm olunan bitki zülalları, amin turşuları və antioksidantlar mövcuddur. Bildirilir ki, məhsul qaynadıldıqdan sonra da faydalı maddələrinin böyük hissəsini qoruyub saxlayır.

Bişirmədən əvvəl qarğıdalılar axar su altında yaxşı yuyulmalı, qurumuş yarpaqlar təmizlənməlidir. Xarici kulinariya mütəxəssisləri qarğıdalının daha yumşaq alınması üçün onu 1 saat soyuq suda saxlamağı məsləhət görürlər.

Məlumata görə, gənc qarğıdalının bişmə müddəti orta hesabla 15 dəqiqə çəkir. Lakin bəzi yemlik və sərt növlərin hazır olması üçün 1-2 saata qədər vaxt tələb oluna bilər.

Mütəxəssislər qeyd edirlər ki, qarğıdalını həddindən artıq bişirmək onun sərtləşməsinə səbəb ola bilər. Buna görə məhsulun növünə uyğun vaxt seçilməsi vacib hesab olunur.