Kotlet hazırlayarkən onların həm dadlı, həm də formaca ideal alınması üçün bəzi vacib qaydalara əməl etmək lazımdır. Bu qaydalardan biri də qiymənin bişirilməzdən əvvəl qısa müddət soyuducuda saxlanılmasıdır ki, bu da bir çox evdar qadın tərəfindən nəzərə alınmır.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, qiymənin əvvəlcədən soyudulması onun strukturunu möhkəmləndirir və kotletlərin bişirmə zamanı dağılmasının qarşısını alır.
Təzə hazırlanmış qiymə adətən nisbətən yumşaq və nəm olur ki, bu da kotletlərin tavada formasını itirməsinə səbəb ola bilər. Qiymə təxminən 15 dəqiqə soyuducuda saxlanıldıqda, tərkibindəki inqrediyentlər daha yaxşı bir-birinə qarışır, artıq nəmlik azalır və kütlə daha sıx hala gəlir. Nəticədə kotletlər qızardılarkən yayılmır, daha yaxşı qızarır və xarici görünüşü daha iştahaaçan olur.
Bununla yanaşı, istifadə olunan ətin keyfiyyəti də son nəticəyə ciddi təsir edir. Mal və donuz ətinin qarışığı kotletlərə daha zəngin dad verir. Müxtəlif ədviyyələr – məsələn, rozmarin, kəklikotu, reyhan və zerdeçal əlavə etməklə yeməyin dadını daha da zənginləşdirmək mümkündür. Bu cür sadə, lakin effektiv üsullar sayəsində evdə hazırlanan kotletləri daha yüksək səviyyədə təqdim etmək olar.






