Bir çox insan süfrəsində yalnız qəhvəyi qarabaşaq görməyə öyrəşib, lakin yaşıl qarabaşaq da eyni bitkidən əldə olunur və fərq əsasən emal üsulundadır. Yaşıl qarabaşaq istiliklə işlənmədiyi üçün daha çox qida maddəsini qoruyur. Foodinfo.az mediasole saytına istinadla xəbər verir ki, bu xüsusiyyət onu sağlam qidalanma tərəfdarları arasında getdikcə daha populyar edir.

Mütəxəssislərin sözlərinə görə, qarabaşağın qabığında olan rutin maddəsi immuniteti gücləndirir, damar divarlarını möhkəmləndirir və qan dövranını yaxşılaşdırır. Qəhvəyi qarabaşaq yüksək temperaturda emal olunduğu üçün bu maddənin bir hissəsini itirir, halbuki yaşıl qarabaşaq onu daha çox saxlayır. Bununla belə, hər iki növ ümumi qida dəyərinə görə bir-birinə yaxın hesab olunur.

Qarabaşaq B qrupu vitaminləri, maqnezium, dəmir, sink və digər minerallarla zəngindir. O, həmçinin yüksək keyfiyyətli zülal mənbəyidir və tərkibində qlüten olmadığı üçün həssaslığı olan insanlar üçün də uyğundur. Liflə zəngin olması isə həzm sisteminin fəaliyyətini yaxşılaşdırır və xolesterinin azalmasına kömək edir.

Dad baxımından yaşıl qarabaşaq daha yumşaq və incə hesab olunur, lakin tez bişdiyi üçün bəzən həddindən artıq yumşalaraq sıyığa çevrilə bilər. Seçim isə fərdi zövqə bağlıdır, amma hər iki növ qarabaşaq sağlam və balanslı qidalanma üçün dəyərli məhsul sayılır.