Çay ən çox istehlak olunan içkilərdən biri olsa da, o həm baş ağrısını azaltmağa, həm də artırmağa səbəb ola bilər. Bunun əsas səbəbi müxtəlif çay növlərində kofein və digər bioloji aktiv maddələrin fərqli miqdarda olmasıdır. Foodinfo.az Doctorpiter saytına istinadla xəbər verir ki, düzgün çay seçimi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Mütəxəssislərə görə, kofein miqdarı yüksək olan çaylar bəzi hallarda baş ağrısını gücləndirə bilər. Xüsusilə matça, güclü dəmlənmiş qara çay, südlü ulun və berqamotlu qara çay həddindən artıq qəbul edildikdə yorğunluq, əsəbilik və baş ağrısı yarada bilər. Bundan əlavə, çayın tərkibindəki taninlər və histamin kimi maddələr bəzi insanlarda damarların genişlənməsinə və ağrı hissinin artmasına səbəb ola bilər.
Eyni zamanda, bəzi bitki çayları sakitləşdirici təsir göstərərək baş ağrısını azaltmağa kömək edir. Nanə, lavanda, çobanyastığı, zəncəfil və zerdeçal çayları sinir sistemini rahatladır, gərginliyi azaldır və beləliklə ağrının yüngülləşməsinə şərait yaradır.
Bununla belə, çaya qarşı reaksiya fərdi olur. Hətta faydalı hesab edilən çaylar bəzi insanlarda əks təsir göstərə bilər. Buna görə də ən doğru yanaşma öz orqanizmin reaksiyasını izləmək və çay seçimində balansı qorumaqdır.






