Evdə hazırlanması asan, lakin dadı ilə seçilən qaymaqlı toyuq şorbası həm doyumlu, həm də zərif yeməkdir. Foodinfo.az xarici mənbəyə istinadla xəbər verir ki, bu şorba zəngin bulyon, yumşaq toyuq əti və tərəvəzlərin harmoniyası ilə hazırlanır.

İlk mərhələdə bulyon hazırlanır. Bunun üçün 2 litr suya toyuq budu, soğan, kökün bir hissəsi, ətirli istiot dənələri əlavə edilərək qaynadılır. Köpüyü yığıldıqdan sonra bulyon hazır olana qədər bişirilir, duz isə sonda əlavə olunur ki, dadı daha zəngin olsun.

Daha sonra tərəvəzlər – kartof, kabaçki, kök, soğan və göbələk xırda doğranır. Qazanda əvvəlcə soğan və kök yüngül qızardılır, ardından kartof əlavə edilir. Bir neçə dəqiqədən sonra digər tərəvəzlər də əlavə olunaraq qapaq altında bişirilir.

Hazırlanmış bulyon və xırda doğranmış toyuq əti qazana əlavə edilir. Sonda isə əridilmiş pendir (və ya qaymaqlı dad verən pendir məhsulları) qatılır və qarışdırılaraq bir neçə dəqiqə bişirilir. Nəticədə kremli teksturaya malik, ətirli və doyumlu şorba əldə olunur.

Bu şorbanı süfrəyə verərkən üzərinə göyərti səpmək və ya qızardılmış çörək dilimləri ilə təqdim etmək dadını daha da artırır.