Gün ərzində tez-tez şirniyyat yemək istəyi yaranırsa, bu təkcə vərdiş deyil, bəzən orqanizmdə baş verən müəyyən dəyişikliklərin siqnalı ola bilər. Xüsusilə səhərdən axşama qədər şirin qidalara meylin artması diqqətdən kənarda qalmamalıdır.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, şirniyyata güclü meyl həm qidalanma səhvləri, həm də bəzi xəstəliklərlə əlaqəli ola bilər.

Mütəxəssislərə görə, günə düzgün başlanmaması bu istəyin əsas səbəblərindən biridir. Zülalla zəngin səhər yeməyi qəbul edilmədikdə orqanizm tez acır və enerji çatışmazlığını sürətli karbohidratlarla – yəni şirniyyatla kompensasiya etməyə çalışır. Günorta saatlarında isə enerji səviyyəsinin düşməsi və stress amili şirniyyata meyli artırır. Axşam saatlarında isə yorğunluq və emosional gərginlik insanı şirin qidalara yönəldə bilər.

Bəzi hallarda bu istək müəyyən xəstəliklərlə də bağlı olur. Məsələn, Osteoxondroz zamanı beyin kifayət qədər qlükoza ala bilmədiyi üçün orqanizm sürətli enerji mənbəyi tələb edir. Həzm sistemi problemləri – turşuluğun artması, qəbizlik və disbakterioz – qida maddələrinin mənimsənilməsini çətinləşdirərək şirniyyat istəyini artırır. Qaraciyər xəstəlikləri, xüsusilə Botkin xəstəliyi keçirmiş şəxslərdə də bu hal müşahidə olunur.

Bundan başqa, Şəkərli diabet zamanı orqanizmdə insulin çatışmazlığı səbəbindən qlükoza hüceyrələrə daxil ola bilmir və insan davamlı olaraq şirniyyat istəyi hiss edir. Alkoqol qəbulu da bu istəyi artıra bilər, çünki onun parçalanması üçün orqanizmə əlavə enerji lazımdır.

Mütəxəssislər qeyd edirlər ki, şirniyyata nəzarətsiz meyl yalnız iradə zəifliyi ilə bağlı deyil. Bu hal davamlı xarakter alarsa, sağlamlıq vəziyyətini yoxlamaq və düzgün qidalanma rejimi qurmaq vacib hesab olunur.