Zeytun yağının gündəlik istifadəsi həm sağlamlıq, həm də xarici görünüş üçün mühüm faydalar verə bilər. Bir çox insan bu məhsulu sadəcə yeməklərə əlavə etsə də, mütəxəssislər onun daha sistemli istifadəsinin təsirini xüsusi vurğulayırlar. Foodinfo.az xəbər verir ki, mütəxəssislər hər gün müəyyən miqdarda zeytun yağı qəbul etməyin orqanizmə müsbət təsir göstərdiyini bildirirlər.
İdman diyetoloqu Ebigeil Robertsın sözlərinə görə, zeytun yağının tərkibində olan faydalı yağ turşuları və lipidlər dərinin quruluğunu azaldır, onun elastikliyini artırır, eyni zamanda saç və dırnaqların strukturunu yaxşılaşdırır. O qeyd edir ki, bir çox insan bahalı kosmetik vasitələrə üstünlük versə də, düzgün qidalanma da ən az xarici qulluq qədər vacibdir.
Mütəxəssis əlavə edir ki, elmi araşdırmalara əsasən, zeytun yağının bol istifadə edildiyi Aralıq dənizi tipli qidalanma yaddaşın qorunmasına kömək edir və demensiya riskini azalda bilər. Bundan başqa, tərkibindəki polifenollar təbii ağrıkəsici təsir göstərərək, xüsusilə oynaq ağrılarının azalmasına dəstək ola bilər.
Zeytun yağı arıqlamaq istəyənlər üçün də faydalı hesab olunur. Tərkibindəki mono doymamış yağ turşuları maddələr mübadiləsini sürətləndirir, iştahanı azaldır və yağ yandırılmasını dəstəkləyir. Zeytun yağını təmiz halda içmək çətin gələnlər üçün isə onu salatlara və digər yeməklərə əlavə etmək tövsiyə olunur.






