Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir.
Foodinfo.az xəbər verir ki, bu çərçivədə məktəblilər arasında keçirilən “Təhlükəsiz qida ilə sağlam gələcəyə” adlı rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Heydər Əliyev Mərkəzinin parkında təşkil edilən tədbir çərçivəsində müsabiqədə qalib gələn şagirdlərin əsərlərindən ibarət sərgi təşkil olunub. Mərasimdə AQTA sədri Qoşqar Təhməzli, Agentlik yanında İctimai Şuranın üzvləri, “Məktəblinin dostları” və müsabiqənin qalibi olan şagirdlər iştirak edib. Əvvəlcə sərgiyə baxış keçirilib. Nümayiş etdirilən əsərlər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə bildirilib ki, Agentlik tərəfindən əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi istiqamətində mütəmadi olaraq layihələr həyata keçirilir. Bu çərçivədə məktəblilər arasında təşkil olunan müxtəlif tədbirlər xüsusi əhəmiyyət kəsb edir. “Məktəblinin dostu”nun dəstəyi ilə V-XI sinif şagirdləri arasında reallaşdırılan “Təhlükəsiz qida ilə sağlam gələcəyə” adlı rəsm müsabiqəsi də məktəblilərin qida təhlükəsizliyi ilə bağlı təxəyyül və biliklərinin çəkdikləri rəsmlər vasitəsilə ictimaiyyətə çatdırılmasını təmin etmək, həmçinin onların təhlükəsiz və sağlam qida anlayışlarına dair təsəvvürlərini formalaşdırmaq məqsədilə həyata keçirilib.
Daha sonra müsabiqəyə təqdim edilən 757 rəsmin içərisindən seçilmiş 30 ən yaxşı əsərin müəllifi mükafatlandırılıb. Qaliblərdən birinci yerə layiq görülən 3, ikinci yeri tutan 5, üçüncü yerə sahib çıxan 10 məktəbliyə və həvəsləndirici yerlərə layiq görülən digər şagirdlərə Agentlik tərəfindən sertifikat və qiymətli hədiyyələr təqdim olunub. Sonda xatirə fotoları çəkilib.
Qeyd edək ki, AQTA tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Məktəblilər arasında “Təhlükəsiz qida ilə sağlam gələcəyə” adlı rəsm müsabiqəsi sözügedən Tədbirlər Planı çərçivəsində baş tutub.