Qidaların yalnız tərkibi deyil, onların temperaturu da sağlamlığa ciddi təsir göstərir. Bir çox insan isti yeməklərin daha faydalı olduğunu düşünsə də, mütəxəssislər bu məsələyə daha ehtiyatla yanaşmağı tövsiyə edir. Foodinfo.az dietology.pro saytına istinadla xəbər verir ki, qida və içkilərin temperaturu insan orqanizmi üçün kritik rol oynayır.
Araşdırmalara görə, 60 dərəcədən yuxarı olan qidalar və içkilər artıq təhlükəli hesab olunur. Belə yüksək temperatur qida borusu və həzm sisteminin selikli qişasını zədələyə bilər. Bu isə uzunmüddətli perspektivdə ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, gündə iki dəfədən çox çox isti içkilər qəbul etmək qida borusu xərçəngi riskini artıra bilər. Bunun əsas səbəbi yüksək temperaturun toxumalarda yanıq və iltihab yaratmasıdır. Xüsusilə mədə-bağırsaq sistemi ilə bağlı xroniki problemləri olan insanlar üçün bu daha risklidir.
Digər tərəfdən, çox soyuq qidalar da tam təhlükəsiz sayılmır. Belə qidalar əzələ spazmlarına və damarların daralmasına səbəb ola bilər. Bəzi hallarda bu vəziyyət ürək fəaliyyətinə də mənfi təsir göstərərək sinə nahiyəsində ağrı və narahatlıq yarada bilər.
Həkimlər qeyd edirlər ki, ən optimal seçim nə çox isti, nə də çox soyuq qidalardır. Otaq temperaturuna yaxın və ya bədən temperaturuna uyğun yeməklər daha faydalı hesab olunur. Bu halda qida daha asan həzm olunur və orqanizm tərəfindən daha yaxşı mənimsənilir.
Sonda vurğulanır ki, balanslı qidalanma yalnız məhsul seçimi ilə məhdudlaşmır. Qidanın temperaturuna da diqqət yetirmək sağlamlığın qorunması üçün vacib amillərdən biridir.






