Bir çox insanlar gündəlik qidalanmada “sağlam” hesab edilən məhsullara üstünlük versə də, mütəxəssislər bəzi hallarda bu məhsulların gözlənilməz risklər daşıya biləcəyini bildirirlər. Qida seçimində yalnız məhsulun mənşəyinə deyil, onun tərkibinə və istehlak miqdarına da diqqət yetirmək vacib hesab olunur. Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, britaniyalı qidalanma mütəxəssisi Şarlotta Stirlinq-Rid bəzi məşhur məhsulların gizli mənfi təsirlərini açıqlayıb.
Onun sözlərinə görə, qurudulmuş meyvələr tez-tez sağlam qəlyanaltı kimi təqdim olunsa da, yüksək şəkər konsentrasiyasına malik olduğu üçün həddindən artıq istifadə edildikdə çəki artımına, diş problemlərinə və metabolik pozğunluqlara səbəb ola bilər. Eyni zamanda, portağal şirəsi də bütöv meyvə ilə müqayisədə daha sürətli mənimsənildiyindən qan şəkərində kəskin dalğalanmalar yarada bilər və bu da diabet riskini artırır.
Mütəxəssis əlavə olaraq bildirir ki, tam taxıllı çörək və bal kimi məhsullar da düzgün istifadə edilmədikdə arzuolunmaz təsirlər göstərə bilər. Xüsusilə balın yüksək bioloji aktivliyə malik olması onu adi qida məhsulundan daha çox funksional vasitə kimi qiymətləndirməyə əsas verir və onun yalnız müəyyən hallarda istifadəsi tövsiyə olunur. Ekspertlər yekun olaraq qeyd edirlər ki, hər bir məhsulun faydalı və ya zərərli olması onun qəbul miqdarından və ümumi qidalanma balansından birbaşa asılıdır.






