Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Hindistan Respublikasının Balıqçılıq, Heyvandarlıq və Südçülük Nazirliyinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə Agentliyin sədr müavini Balarəhim Quliyev və Hindistan Respublikasının Balıqçılıq, Heyvandarlıq və Südçülük Nazirliyinin Beynəlxalq əməkdaşlıq və ticarət üzrə rəhbər müavini G. N. Singhın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Foodinfo.az xəbər verir ki, görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi, Azərbaycanla Hindistan arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının Protokolunun müddəalarında nəzərdə tutulan heyvan xəstəliklərinə qarşı effektiv mübarizə təlimlərinin təşkili, xəstəliklərin yayılması zamanı meydana gələ biləcək risklərin elmi tədqiqatı sahəsində bilik mübadiləsi məsələləri müzakirə olunub. Eyni zamanda iki ölkə arasında heyvanların sağlamlığının qorunması sahəsində əməkdaşlıq barədə Sazişin hazırlanması ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, sözügedən Saziş layihəsi Agentlik tərəfindən hazırlanıb və Hindistan tərəfinə göndərilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edilib.