Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Ukrayna Respublikasının Qida Məhsullarının Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə Dövlət Xidmətinin nümayəndə heyətləri arasında görüş keçirilib. Videokonfrans formatında keçirilən görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın inkişaf perspektivləri və görüləcək işlər müzakirə olunub.
Foodinfo.az xəbər verir ki, tədbirdə “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiya”nın 12-ci iclasının Protokolunda olan müddəaların icrası üzrə görülmüş işlər barədə məlumat verən AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva iki ölkə arasında qida təhlükəsizliyi sahəsində gələcəkdə imzalanacaq sazişin birgə əməkdaşlığa tövfə verəcəyini vurğulayıb. Eyni zamanda, birgə əməkdaşlıq çərçivəsində qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələr üzrə təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Ukraynanın Qida Məhsullarının Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə Dövlət Xidmətinin rəhbəri Vladislava Magaletskaya iki ölkə arasında baytarlıq, bitki mühafizəsi və karantini, həmçinin qida təhlükəsizliyi sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra 2020-ci il ərzində iki ölkə arasında qida məhsullarının idxal-ixracı əməliyyatları və ölkəmizdən Ukrayna Respublikasına qida məhsullarının ixrac potensialı, həmçinin müvafiq sahələr üzrə qarşılıqlı təcrübə mübadiləsi haqqında müzakirələr aparılıb.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı