"Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirusla mübarizə çərçivəsində həyata keçirilən vaksinasiya prosesi davam edir. İstehsal olunan bir çox vaksinlərin əldə olunması da virusla mübarizədə uğurlu strategiyalardan biridir. Amma hazırda müşahidə olunan yoluxma saylarının artımı paralel olaraq peyvəndləmənin də sürətinin artırılmasına zərurət yaradır. Əks halda yeni təhlükə meydana çıxa bilər".
Foodinfo.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, təhlükə bundan ibarətdir ki, ölkədə "İmmunescape" mutasiya mexanizmi ilə yarana biləcək növbəti virus mutasiyası peyvəndə qarşı immun ola bilər:
"Yəni peyvəndlər virusa təsir etməyə bilər və ya çox az təsir edə bilər. Əgər virusa yoluxmaların sayı paralel olaraq peyvəndləmə ilə birgə kəskin artarsa, bu, gözləniləndir. Ona görə də düşünürəm ki, peyvəndləmənin sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində əhali arasında maarifləndirmə işləri də yüksələn xəttlə davam etməlidir. Cəmiyyətdə vaksinasiya ilə bağlı maarifləndirici və məlumatlandırıcı mexanizm təkmilləşdirilməlidir. Yanlış mexanizmlər nəticəsində insanlar arasında virusa qarşı peyvənd olunmağa inamsızlıq yaranırsa, bununla bağlı tədbirlər görülməlidir. İnsanlara izah olunmalıdır ki, virusun geniş yayılmasının qarşısının alınmasına və ölüm hallarının sayının azaldılmasına peyvənd vasitəsilə daha effektiv nail olmaq mümkündür. Vaksinasiya və virusa qarşı qızıl qaydalara əməl etmək virusla mübarizənin ən əsas mərhələlərindəndir. Ona görə də əhali bu proseslərdə daha da fəal olmalıdır ki, normal həyata qayıtmaq daha da tezləşsin".
N.Abdullayev bildirib ki, peyvəndlərin mövcudluğu insanlarda rahatlıq yaratmamalı və tətbiq edilən karantin qaydalarına riayət olunmaması anlamına gəlməməlidir:
"Hər kəs qaydalara riayət etməli, tibbi maskadan istifadə etməli, sosial məsafəni gözləməli, istər qapalı, istərsə də açıq havada insanların toplaşdığı məkanlardan uzaq durmalıdır. Çünki qaydalara riayət olunmaması və nəticədə də yoluxma hallarının peyvəndləmə ilə paralel artması virusun yeni mutasiyalarının yaranmasına səbəb ola bilər ki, bu da nəinki Azərbaycanda, eləcə də bütün dünyada belədir. Bir daha vurğulayıram ki, bundan daha da təhlükəli bu yeni əmələ gələcək mutasiyalara qarşı hazırki peyvəndlərin təsirsiz və ya az təsirli ola bilməsidir. Buna görə də hər kəs, həm müvafiq dövlət qurumları, həm də millətimiz bilməlidir ki, peyvəndləmənin sürəti artırılmalıdır".