“Azərsu” ASC-nin fəaliyyətində ictimai iştirakçılığın və nəzarətin təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyətdə İctimai Şuranın yaradılması prosesinə başlanılıb.
Foodinfo.az xəbər verir ki, “Azərsu” ASC sədrinin 17 mart 2021-ci il tarixli 158 nömrəli əmrinə əsasən, yaradılacaq İctimai Şuraya seçkilərin keçirilməsi və şura üzvlərinin say həddinin müəyyən edilməsi məqsədilə İctimai Şuranın təşkili ilə bağlı Seçki Komissiyası yaradılıb. Komissiya “Azərsu” ASC-nin 4 əməkdaşından və vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsindən ibarət olmaqla təşkil edilib.
Seçki Komissiyasının ilk iclasında “Azərsu” ASC-nin İşlər İdarəsinin rəisi Möhsün Quliyev bildirib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “İctimai iştirakçılıq haqqında” qanunda dövlət siyasətinin həyata keçirilməsində və qərarların qəbulunda ictimaiyyətin və vətəndaş cəmiyyət institutlarının iştirakı və ictimai rəyin nəzərə alınması xüsusi qeyd olunur. “Azərsu” ASC-də İctimai Şuranın yaradılması Səhmdar Cəmiyyətin fəaliyyətində şəffaflığın daha da artırılmasına, ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etməyə imkan yaradacaq.
“Azərsu” ASC-nin Hüquq departamentinin rəis müavini, Seçki Komissiyasının üzvü Yaşar Ağayev şuranın yaradılmasının hüquqi əsasları barədə məlumat verərək bildirib ki, İctimai Şura Səhmdar Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin edəcək.
Komissiyada təmsil olunan vətəndaş cəmiyyətinin üzvləri qeyd etdilər ki, “Azərsu” ASC-də yaradılacaq İctimai Şura içməli su təchizatı və tullantı su sektorunda müxtəlif məsələlərlə bağlı müzakirələr təşkil etmək, müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş hüquqlara malik olan məşvərətçi qurum kimi fəaliyyət göstərəcək.
İclasda təşkilati məsələlərə baxılıb. “Azərsu” ASC-nin Hüquq departamentinin rəis müavini Yaşar Ağayev seçki komissiyasının sədri, Sosial inkişaf şöbəsinin aparıcı mühəndisi Günay Məmmədli katib seçilib. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq şura üzvləri 11 nəfər olmaqla 2 il müddətinə seçiləcək. Şura üzvlüyünə namizədliyin irəli sürülməsi və qeydə alınması prosesi 01-30 aprel 2021-ci il tarixinlərində aparılacaq.
Vətəndaş cəmiyyəti institutlarından ictimai şuranın üzvlüyünə irəli sürülən namizəd barədə aşağıdakı sənədləri təqdim etmələri xahiş olunur:
- Namizədin şəxsiyyət vəsiqəsinin surəti; - Namizədin tərcümeyi-halı; - Namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti; - Şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd.
İctimai Şuraya namizədliyi irəli sürmüş şəxsin qeydiyyatına Seçki Komissiyası tərəfindən 3 iş günü müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək.
İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi başa çatdıqdan sonra 1 ay müddətində keçiriləcək.
İctimai Şura üzvlüyünə namizədlərin irəli sürəcək şəxslərdən tələb olunan sənədlərin surətini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlaqələndirici şəxs: Anar Cəbrayıllı, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyasının üzvü.
Tel: (+99 412) 430-04-43.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı