İsmayıllı rayonunun Basqal qəsəbəsində içməli və tullantı su layihəsinin icrasına başlanılıb.
Foodinfo.az “Azərsu” ASC-yə istinadən xəbər verir ki, qəsəbənin qədim hissəsini əhatə edən Basqal Dövlət Tarix Qoruğu ərazisində yeni içməli su təchizatı sistemləri yaradılır, qəsəbənin kanalizasiya sistemləri müasir şəkildə yenidən qurulur.
Son dövrlər qəsəbənin genişlənməsi və turizm əhəmiyyətinin artması nəzərə alınaraq, qəsəbənin memarlıq üslubu gözlənilməklə içməli və tullantı su sistemlərinin yenidən qurulmasına qərar verilib.
“Azərsu” ASC tərəfindən dövlət investisiyası hesabına həyata keçirilən layihəyə əsasən, qəsəbəyə içməli su Təndirəki mənbəyindən veriləcək. Bu məqsədlə suqəbuledici qurğu yenidən qurulur, mənbədən qoruq ərazisinə polad borularla magistral su kəməri çəkilir.
Qəsəbəyə verilən suyun dayanıqlığını təmin etmək üçün həcmi 300 kubmetr olan su anbarı da inşa olunur. İlkin mərhələdə qəsəbədə 5,7 km uzunluğunda içməli su, 6,7 km kanalizasiya şəbəkəsi yaradılacaq, hər bir ünvana birləşmə verilərək sayğaclar quraşdırılacaq.
Qəsəbə ərazisində yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 650 kubmetr olan modul tipli tullantı sutəmizləyici qurğu və 2,1 km uzunluğunda kollektor da inşa ediləcək. Birinci mərhələ üzrə işlərin 2022-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, qoruq ərazisində küçələri dar və memarlıq abidələrinin çox olması nəzərə alınaraq tikinti işləri mürəkkəb şəraitdə aparılır. Ərazinin memarlıq üslübuna xələl gətirməmək məqsədilə kiçik qabaritli texnikalardan istifadə olunur.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir