Azərbaycan əhalisinin cəmi gəlirləri 2021-ci ilin yanvar-sentyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 2 faiz artaraq 42,3 milyard manat təşkil etmişdir. Foodinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 42 milyard 251,7 milyon manat və ya hər nəfərə orta hesabla 4 min 219,3 manat təşkil etmişdir.  Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 37 milyard 906,0 milyon manatlıq vəsait qalmışdır. Eyni zamanda, istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 6 faiz artıb. Cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi  əvvəlki ilin sentyabr ayına nisbətən 108,5 faiz, 2021-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki ilin sentyabr ayına nisbətən 10,4 faiz artıb. Beləliklə, son 1 ildə ərzaq qiymətlərinin 10% civarında artdığı bir dövrdə əhalinin gəlirləri 2% artıb. “Gizli oğru” adlandırılan inflyasiya əhalinin gəlirlərinin bir hissəsini "mənimsəyib".