Ticarət mərkəzlərində COVID-19 pasportu üzrə yoxlamalar yeni təchiz edilmiş sistemlərlə sürətləndirilib.
Foodinfo.az -ın məlumatına görə, COVID-19 üzrə vaksin pasportu və immunitet sertifikatının yoxlanılması səbəbilə yarana biləcək sıxlığın aradan qaldırılması, yoxlamanın asanlaşdırılması üçün ticarət mərkəzləri girişində yeni, sürətli yoxlama sistemləri quraşdırılıb.
28 Mall, Gənclik Mall, Dəniz Mall, Port Baku Mall, Gəncə Mall ticarət mərkəzlərinin yoxlama məntəqələrində quraşdırılmış bu cihazlar vasitəsilə ziyarətçilər vaksin pasportunda qeyd edilmiş QR kodu özləri skan edərək və ya şəxsiyyət vəsiqəsini cihazdan keçirərək sürətli şəkildə ticarət mərkəzinə daxil ola biləcəklər. Hər iki üsuldan istifadə zamanı vətəndaşın məlumatları ekranda birbaşa əks olunur və vətəndaş yoxlamanın nəticəsi üzrə sərbəst şəkildə, gözləmədən hərəkəti davam etdirə bilir.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 1 oktyabr tarixindən etibarən qüvvəyə minən qərarına əsasən, ticarət mərkəzlərinə hər 2 dozanın qəbulunu əks etdirən vaksin sertifikatı, immunitet sertifikatı və ya əks-göstəriş sertifikatı ilə daxil olmaq mümkündür.