2021-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 34,4 milyard manatlıq, o cümlədən 18,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.
Foodinfo.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz artmışdır.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 15,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 5,4 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
2021-ci ilin yanvar-oktyabr aylarında istehlak mallarının dəyər ifadəsində 27,0 faizi ticarət müəssisələri, 49,8 faizi fərdi sahibkarlar tərəfindən, 23,2 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 20,4 faiz artmış, fərdi sahibkarlar üzrə 3,1 faiz, bazar və yarmarkalarda 0,8 faiz azalmışdır.
2021-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 343,8 manatlıq, o cümlədən 185,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 158,1 manatlıq qeyri-ərzaq malları almışdır.
Xatırladaq ki, 2020-ci ildə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 335,6 manatlıq, o cümlədən 181,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,4 manatlıq qeyri-ərzaq malları almışdı.
2020-ci ilin yanvar-oktyabr aylarında isə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 317,4 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,9 manat çox olmuşdur. Beləliklə, son 12 hesabat ayında bir ölkə sakininin arta aylıq xərci 18,2 manat artıb.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir