"Epidemioloji vəziyyət söndükdən sonra artıq açıq havada insanların maskasız şəkildə gəzmələri üçün hüquqi bazanın hazırlanması üçün addımlar atılacaq".
Foodinfo.az xəbər verir ki, bunu "Musavat TV"yə açıqlamasında deputat Rəşad Mahmudov bildirib.
O əlavə edib ki, epidemioloji vəziyyət nəzarət altına alındıqdan sonra rəqəmlər yenidən azalmağa getdiyi zaman vəziyyət fərqli ola bilər:
"Biz keçən il yayda evlərimizdə bağlı idik. Bu gün Operativ Qərargahda hazırlıqlar gedir. Gələcəkdə açıq havada maska taxmaqla bağlı qiymətləndirmələr aparılır. Epidemioloji vəziyyət söndükdən sonra artıq açıq havada insanların maskasız şəkildə gəzmələri üçün hüquqi bazanın hazırlanması üçün addımlar atılacaq. Lakin bunu etmədən öncə hər bir hökumət yüz ölçüb bir biçmək məcburiyyətindədir. Çünki bu, sadəcə daxili ekspertlərin verəcəkləri qərarlara bağlı deyil. Bu qərarların arxasında Dünya Səhiyyə Təşkilatı və bu sahə üzrə olan institutların rəyləri və razılıqlarının olması lazımdır. Əfsuslar olsun ki, bu gün həmin razılıqları almaq istəyən adiyyəti qurumlar qarşı tərəfdən konkret razılıq ala bilmədiyi üçün qızıl ortanı tutaraq zaman qazanmaq məcburiyyətində qalır.
Əgər ölkədə ciddi bir şəkildə alovlanma yoxdursa, təmiz havada maskanın istifadəsi qanuni tərəfdən də öz həllini tapacaq".