Fevralın 26-da gözlənilən hava şəraiti açıqlanıb.  Foodinfo.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə fevralın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0 dərəcəyə yaxın, bəzi yerlərdə 1 dərəcəyədək şaxta, gündüz 4-7 dərəcə isti, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 4-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 12-16, gündüz 0-5 dərəcə şaxta olacaq. Tibbi-meteoroloji proqnoz Fevralın 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.