Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun rəhbər heyəti Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin ölkəmizdə işgüzar səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Foodinfo.az xəbər verir ki, Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Heyvandarlıq Baş idarəsinin rəisi Zekeriyya Erdurmuş, Ət və süd məhsulları Baş idarəsinin rəisi Osman Uzun, Qida və nəzarət Baş idarəsinin rəisi Harun Seçkin və qurumun Avropa İttifaqı və Xarici Əlaqələr Baş idarəsinin rəis müavini Ferhat Çolakın da daxil olduğu nümayəndə heyəti ilə keçirilən görüşdə qonaqlara İnstitutun fəaliyyət istiqamətləri barədə məlumat verilib, həmçinin Türkiyənin müvafiq qurumları ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Görüş çərçivəsində nümayəndə heyəti AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalar ilə tanış olub, aparılan müayinələri əyani şəkildə müşahidə ediblər. Qonaqlara laboratoriyaların fəaliyyət istiqamətləri, maddi-texniki bazası barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə Bakı şəhəri və regionlarda beynəlxalq standartlara cavab verən müasir laboratoriyalar fəaliyyət göstərir. Qeyd olunub ki, Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif müayinələr həyata keçirilir. AQTİ-nin laboratoriyalarında beynəlxalq standartlara uyğun metodlarla aparılan müayinələrin nəticələrinin dünyanın qabaqcıl ölkələrinin laboratoriyaları ilə uyğunluq təşkil etdiyi nümayəndə heyətinin diqqətinə çatdırılıb. [gallery ids="35408,35409,35410"]