Vəkillər Kollegiyasının üzvü Vamiq Şükürov iş adamları və şirkət rəhbərlərinə müraciət edib.  Foodinfo.az xəbər verir ki, hüquqşünas sahibkarlara qanunların bəzi tələbləri xatırladaraq onların cərimə oluna və ya cinayət məsuliyyətinə cəlb oluna biləcəkləri məqamları xatırladıb. Müraciətdə bildirilir: 1. Məşğul olduğunuz fəaliyyəti vergi orqanında rəsmiləşdirməklə qeydiyyatdan keçib VÖEN alın. Bu zaman fəaliyyət göstərdiyiniz obyekti də qeydiyyatdan keçirməlisiniz. Əks təqdirdə cərimə oluna bilərsiniz, eyni zamanda gizli olaraq fəlaiyyət göstərdiyiniz dövrdə yayındırdığınız vergiləri ödəməlisiniz. Əgər yayındırılmış vergi və DSMF üzrə ödənişlər 20.000 manatdan çoxdursa, sizə cinayət işi açılacaqdır. Narahat olmayın, vergi və digər məcburi ödənişlərə görə yaranmış borcunuzu ödəyərsinizsə, cinayət məsuliyyətindən azad ediləcəksiniz. 2. İşçilər ilə rəsmi əmək müqaviləsi bağlayın. Əks təqdirdə cərimə ediləcəksiz. Vergi orqanı qeyri-rəsmi işlədyiniz hər şəxsə görə 2.000 manat maliyyə sanksiyası tətbiq edir. Əlavə olaraq isə İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Bundan başqa qeyri-rəsmi işlətdiyiniz işçi sayı 10 və ya daha artıq olarsa, barənizdə cinayət işi açılacaqdır. Yenə də bu son demək deyil. Əgər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilər ilə əmək müqaviləsi bağlayıb ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödəyərsinizsə, cinayət məsuliyyətindən azad ediləcəksiniz. 3. Müəyyən fəaliyyət sahələri vardır ki, onunla məşğul olmaq üçün lisenziya almalısınız. Əgər lisenziyasız fəaliyyət göstərib dövlətə 20.000 manat məbləğinədək ziyan vurarsınızsa, inzibati qaydada cərimə olunacaqsınız. 20.000 manatdan artıq ziyan vurulduqda isə cinayət məsuliyyəti yaranır. Hazırki dövrdə lisensiyanın qanuni və rahat bir şəkildə alınması üçün tam şərait yaradılmışdır. 4. Qanunla tələb olunduğu halda nəzarət kassa aparatı alın və satılan malları kassaya vurun, müştəriyə çek təklif edin. 5. Təəssüf ki, hazırda bir çox şirkətlərdə və ya sahibkarlıq obyektlərində işçilər tərəfindən yeyinti hallarına rast gəlinir. Maraqlıdır ki, bu yeyintilərin çoxunu şirkətin rəhbərliyində olan şəxslər edir. Vəkillik və audit fəaliyyətini həyata keçirən zaman dəfələrlə bu kimi hallara rast gəlmişəm. Belə hallarla rastlaşan şirkət təsisçilərinə tövsiyyəmiz odur ki, kənardan audit cəlb edib şirkətin fəaliyyətinin düzgün idarə edilməsi üçün tədbir görəsiniz.