Azərbaycan Respublikasının Təhsil Nazirliyi respublikanın rayon və şəhər təhsil şöbələrinə (idarələrinə) koronavirusla bağlı müvafiq tapşırıqlar verib. "Report"un məlumatına görə, nazirliyin tapşırığında deyilir: "Son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumi təhsil müəssisələrin sanitar epidemioloji vəziyyətə həssas yanaşma tələb edir. Bu baxımdan tabeliyinizdəki ümumi təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranıb. Qeyd olunan vəziyyət nəzərə alınaraq aşağıda göstərilən tədbirlərin görülməsi sizə tapşırılır: - Ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi, - Ümumi təhsil müəssisələrində şagirdlər arasında respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlərin ambulator müalicəyə yönləndirilməsi, - Ümumi təhsil müəssisələrində tibb otaqlarının (olduğu təqdirdə) zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılması, - Ümumi təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması, - Ümumi təhsil müəssisələrində aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması, - Ümumi təhsil müəssisələri tərəfindən təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması". Sənədi Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov imzalayıb.